Həftənin TƏYİNATI - Həftə-reytinq  

11:40 10.09.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov gənclər və idman naziri təyin olunub. F.Qayıbov 1979-cu ildə Bakıda doğulub. O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib. Yeni nazir 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub. 2005-2006-cı illərdə AGF-nin baş meneceri olub. 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür. Fərid Qayıbov 2017-ci ildə Prezident İlham Əliyev sərəncamı ilə “Azərbaycan Respublikasının fəxri diplomu” ilə təltif edilib. Fərid Qayıbov evlidir və 3 övladı var.

 

Həftənin QƏRARI

Gürcüstan parlamenti koronavirusla bağlı karantin qaydalarını pozmuş vətəndaşların cərimələrinin ləğvi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Söhbət izolyasiya, karantin qaydalarının və maska rejiminin pozulmasına görə yığılmış 76 milyon lari (təxminən 25 milyon dollar) cərimə məbləğindən gedir. Əfv 245 mindən çox vətəndaşı və 344 hüquqi şəxsi həm inzibati, həm də cinayət məsuliyyətindən azad edəcək.

Qeyd edək ki, cərimələrin ləğvi təşəbbüsünü ölkənin Baş naziri İrakli Qaribaşvili irəli sürüb.

 

Həftənin TƏXRİBATI

Rusiyanın satınalma sahəsi üzrə vahid dövlət portalı olan “Zakupki.gov.ru” Azərbaycana qarşı təxribata yol verib. Dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub. Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.

 

Həftənin QAÇIŞI

Böyük Britaniyanın SAS xüsusi təyinatlı dəstəsi qadın libasında Əfqanıstandan qaçıb. Bu barədə “Daily Express” məlumat yayıb.

Bildirilir ki, komandanlıq dəstəni heç bir nəqliyyatla təmin etməyərək Kabildə qoyub getdiyindən hərbçilər texnikanın çox hissəsini tərk ediblər. Onlar ələ keçməmək üçün niqabdan istifadə ediblər. Xüsusi təyinatlılar “Taliban” döyüşçülərində hər hansı şübhə oyatmayıblar.

 

Həftənin MƏĞLUBİYYƏTİ

DÇ-2022-nin seçmə mərhələsində növbəti matçına çıxan Türkiyə millisi ağır məğlubiyyətlə üzləşib. Səfərdə Niderland millisinin qonağı olan Şenol Günəşin komandası rəqibinə 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyət nəticəsində Türkiyə millisi 11 xalla qrupun 3-cü pilləsinə yuvarlanıb. Aktivində 13 xal olan Niderlandla Norveç ardıcıl olaraq birinci və ikinci yerləri bölüşdürürlər.

 

Həftənin MƏRHUMU

Dünya şöhrətli fransız aktyor Jan-Pol Belmondo 89 yaşında dünyasını dəyişib. Bu barədə “Frans Press” məlumat yayıb. Bildirilir ki, aktyorun öldüyünü vəkili xəbər verib. Detallar açıqlanmayıb. Qeyd edək ki, Bolmondo “Molyer”, “Qadın elə qadındır”, “Son nəfəs”, “Professional”, “Çoçara” və başqa filmləri ilə məşhurdur.